REGİONLAR
Vətənini canından çox sevən Ulu Öndər bütün mənalı ömrünü ölkəmizin inkişafına həsr edib

Xaçmaz, 10 may, Elxan Yusifli, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev azərbaycanlı olmağı ilə həmişə fəxr edirdi. Vətənini canından çox sevən Ulu Öndər bütün mənalı ömrünü ölkəmizin inkişafına həsr edib. Heydər Əliyev hakimiyyətə gələndən sonra keçmiş SSRİ-nin geridə qalan ölkələri sırasında olan Azərbaycan qabaqcıl respublikaya çevrildi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xaçmaz sakini, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon nümayəndəliyinin sədri Fərhad Şeydayev söyləyib.
Xaçmazda Ulu Öndərin anım mərasimində iştirak edən F.Şeydayev müstəqillik dövründə ölkəmizdə həyata keçirilən uğurlu siyasətin əsasının məhz Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.
“Ulu Öndərin müdrik və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olub, hüquqi, demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşması, Azərbaycanın beynəlxalq aləmdə demokratik imicinin yüksəlməsi istiqamətində önəmli addımlar atılıb. Ümummilli Lider tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf konsepsiyası regionları da əhatə edir və hazırda Ulu Öndərin iqtisadi inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrimizin siması tamamilə dəyişib. O cümlədən Xaçmaz rayonu da bu inkişafdan öz payını alır”, - deyə F.Şeydayev bildirib.