Vilayət Quliyev: Şuşaya müvəqqəti sahiblik ermənilərin üzlərindən mədənilik, insaniyyət maskasını birdəfəlik qoparıb atdı
Bakı, 5 yanvar, AZƏRTAC
Şuşaya müvəqqəti sahiblik erməniləri maddi cəhətdən bir qədər qabağa salsa da onlara heç bir xoşbəxtlik gətirmədi. Əksinə, üzlərindən mədənilik, alicənablıq, insaniyyət maskasını birdəfəlik qoparıb atdı. Şuşa erməni vəhşiliyinin, barbarlığının, vandallığının bütün dünyaya sübut olunduğu bir məkana çevrildi.
Bu fikirlər diplomat, ədəbiyyatşünas alim Vilayət Quliyevin AZƏRTAC-a təqdim etdiyi “Şuşa ili - Zəfərimizin dəlili!” sərlövhəli məqaləsində yer alıb.
Düşmənin Şuşada törətdiyi cinayətlərin Xocalıdakı dəhşətli əməllərindən heç də geridə qalmadığını vurğulayan müəllif haqlı olaraq sual edir: “Mədəni xalq məhəbbət və dostluq şairi Vaqifin Cıdır düzündəki möhtəşəm məqbərəsini uçurdardımı? Bir sıra məşhur musiqi əsərlərini heç bir vicdan əzabı çəkmədən öz adlarına çıxdıqları Üzeyir bəyin, qeyri-adi səs sahibi Bülbülün, Qafqazın son ensiklopedisti Mir Möhsün Nəvvabın ev-muzeyini dağıdardımı? Sakinlərin milli və dini mənsubluğuna fərq qoymadan Şuşanın bir çox məhəllələrinə su çəkdirən Xan qızı Natəvanın mülkünü xaraba qoyardımı, sümüklərini məzardan çıxarıb düzənliyə səpələməklə ruhunu narahat edərdimi? Mədəni toplum böyük sənət adamlarının heykəlini güllələyərdimi?”.
Məqalədə qeyd olunur ki, ermənilər bütün bunları özlərinə asanlıqla rəva gördülər və əsl simalarını nümayiş etdirdilər: “İnsanlıqdan, mədəniyyətdən, əxlaqdan min ağac uzaq ikiayaqlı sürüsü olduqlarını göstərdilər. Türk qardaşlarımız demişkən, özlərini bütün dünyaya rəzil etdilər”.