VİLNÜS HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Litvaya rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Litvanın dövlət bayraqları ilə bəzədilmiş Vilnüs beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Litvanın xarici işlər naziri Pyatras Vaytekunas və digər rəsmi şəxslər qarşıladılar. Mehriban xanıma gül dəstəsi təqdim olundu.
Azərbaycan Prezidenti hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.