Vilnüs sakini lotereyada 24 milyon avro qazanıb
Vilnüs, 24 yanvar, AZƏRTAC
“Eurojackpot”un vilnüslü oyunçusu Almaniyadan olan iştirakçı ilə birgə əsas mükafatı − 48 milyon avro məbləğində cekpotu qazanaraq aralarında bölüşdürüblər.
AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, Vilnüs sakini 24 milyon avrodan çox vəsaitə sahib çıxıb. Bildirilib ki, bu uduş təkcə Litvada deyil, bütün Baltikyanı ölkələrin lotereya tarixində ən böyük uduşdur.
“Biz litvalı oyunçunun qazandığı uğurdan çox razıyıq və yeni milyonçunu təbrik edirik. O, Vilnüsün digər sakininə məxsus olan, Baltikyanı ölkələrdə qeydə alınmış uduş rekordunu bir ildən qısa müddət sonra ikiqat artırıb”, - deyə Litvada “Eurojackpot” lotereyasının təşkili ilə məşğul olan “Olifeja” şirkətinin baş direktorunun müavini Donatas Kazlauskas söyləyib.
Qeyd olunub ki, Vilnüs təmsilçisinin bu qələbəsi nəinki bu günədək Kaunasdan olan mühəndisə məxsus olan “Eurojackpot” rekordunu (7,6 milyon avro) qırıb, həm də ötənilki “Vikinglotto” qalibinin uğurunu (13 milyon avro) geridə qoyub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs