“Visa” mobil tətbiqi ilə ödəniş et” kampaniyası başlayıb
Bakı, 11 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində Mərkəzi Bank “Visa” beynəlxalq kart təşkilatı ilə birgə “Visa Token Service - VTS”in ölkə ərazisində uğurlu startından sonra “Visa” mobil tətbiqi ilə ödəniş et” adlı kampaniyaya başlayıb.
Bankdan AZƏRTAC-a bildirilib ki, ikiaylıq kampaniya ölkədə istehlakçılar arasında təmassız mobil ödənişlərin inkişafına və tokenizasiya olunmuş tranzaksiyaların sayının artırılmasına hədəflənib. Kampaniyada iştirak hazırda müvafiq sertifikasiyadan keçmiş üç bankın - “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC və “Bank Respublika” ASC-nin emissiya etdiyi bank kartları vasitəsilə öz mobil bank tətbiqindən istifadə edərək ödəniş edən bütün “Visa” kart istifadəçiləri üçün açıqdır. Kampaniyanın şərtləri çox sadədir və iştirak etmək üçün “Visa” kart istifadəçisi öz bankının mobil tətbiqi vasitəsilə 1 ay ərzində hər biri 5 AZN olmaqla ən azı 10 tranzaksiya həyata keçirməlidir. Nəticə olaraq, kampaniyanın şərtlərini yerinə yetirən bütün “Visa” kart istifadəçiləri öz hesablarına 25 AZN geri alacaqlar. Kampaniyanın birinci ayı 10 iyun-10 iyul, ikinci ayı isə 11 iyul -10 avqust tarixlərini əhatə edir.
Qeyd edək ki, “Visa Token Service” nağdsız ödənişlərin və mobil kommersiyanın inkişafı üçün təhlükəsiz mühiti təmin edən innovativ texnologiyadır. 2019-2020-ci illər ərzində Azərbaycan Mərkəzi Bankı, “Kapital Bank” ASC və “Bank Respublika” ASC ilə əməkdaşlıq çərçivəsində “Visa” ilk dəfə olaraq “Visa Token Service” proqramını istifadəyə verib. Hazırda təmassız ödənişləri qəbul edən istənilən POS-terminal vasitəsilə mobil telefonla qeyd edilən ödənişləri aparmaq mümkündür.