SİYASƏT
Vüqar Əliyev: Azərbaycan və Mərakeş mediası arasında əlaqələr genişləndirilməlidir VİDEO
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617071495123528538126_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617071492101660565015_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_161707148908951819037_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_161707148908173271234_1200x630.jpg)
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan və Mərakeş mediası arasında əlaqələrin genişlənməsi iki ölkə barədə daha dəqiq xəbərlərin yayılmasına təkan verəcək.
Bu fikirlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin Mərakeşin nüfuzlu media orqanlarının nümayəndələri ilə görüşündə səsləndirilib.
Görüşdə qonaqlara AZƏRTAC haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 104 yaşını qeyd etməyə hazırlaşan AZƏRTAC Azərbaycanın ilk xəbər agentliyidir. Hazırda dünyanın 50 xəbər agentliyi ilə tərəfdaşlıq münasibətlərinə malik olan Agentlik 8 dildə xəbər, 5 dildə video yayır. AZƏRTAC-ın 21 ölkədə 22 müxbir məntəqəsi fəaliyyət göstərir və xarici müxbir şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər həyata keçirilir. Bundan əlavə, Agentlik bir sıra beynəlxalq media təşkilatlarının üzvü kimi dünyanın bir çox ölkələrinin agentlikləri ilə əməkdaşlıq edir.
Qeyd olunub ki, AZƏRTAC Mərakeşin MAP agentliyi ilə əlaqələrə malikdir. Bununla belə, əməkdaşlığın daha da genişləndirilməsinə və fəal informasiya mübadiləsinin aparılmasına ehtiyac var. İki agentliyin tərəfdaşlığı ölkələrimiz barədə xəbərlərin üçüncü mənbədən deyil, ilkin qaynaqdan əldə edilməsinə şərait yarada bilər.
Söhbət zamanı Azərbaycanda medianın inkişafı, feyk xəbərlərlə mübarizə yolları, Vətən müharibəsi dövründə Azərbaycanın üzləşdiyi dezinformasiya kampaniyası və onun dəf edilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə MAP agentliyinin redaktoru Mohammed Asvab, “L’Opinion” qəzetinin redaktoru Anass Maklux, “Al Bayane” qəzetinin direktorluğunun rəhbəri Mahtat Rakas, “Le Desk” rəqəmsal mətbu orqanının jurnalisti Fatima Lqadiri, “TelQuel” həftəlik xəbər jurnalının jurnalisti Yassine Majdi, “L’economiste” qəzetinin jurnalisti Saad Alami Yunes, BBMT onlayn xəbər kanalının jurnalisti Buxaib Brhadda, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Maya Qarayeva, Azərbaycanın Mərakeşdəki səfirinin müşaviri Aqil Günəşov və tərcüməçi Elvin Abbasbəyli iştirak ediblər.