Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub
Vyana, 12 may, AZƏRTAC
Vyanada təşkil olunan “Avroviziya” mahnı müsabiqəsi çərçivəsində Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin müsabiqədəki təmsilçisi Jivaya dəstək məqsədilə Azərbaycan Günü təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın “Avroviziya” nümayəndə heyətinin təşkilatçılığı və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutan tədbirdə müsabiqədə iştirak edən ölkələrin nümayəndələri, Avstriyada yaşayan soydaşlarımız, Azərbaycan musiqisinin və mədəniyyətinin dostları iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova bildirib ki, 2015-ci ildə olduğu kimi, bu dəfə də “Avroviziya” ailəsini yenidən Azərbaycan Mədəniyyət Mərkəzində salamlamaqdan məmnundur. Azərbaycanın hər zaman mədəni dialoqa və xalqlar arasında dostluğa böyük önəm verdiyini diqqətə çatdıran L.Qasımova qeyd edib ki, musiqi insanları birləşdirən universal bir dildir və müsabiqə də birlik və mədəni mübadilə ruhunun gözəl nümunəsidir. O, əməkdaşlığa görə “Avroviziya” komandasına və tədbirdə iştirak edən bütün qonaqlara təşəkkür edib.
Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında mahnı müsabiqəsi ərəfəsində təşkil olunan Azərbaycan Gününü yüksək qiymətləndirib və qeyd edib ki, Azərbaycanın “Avroviziya”da iştirakı ölkəmizin müasir mədəniyyətinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən gecədə qonaqlara ölkəmizin zəngin mədəniyyəti, milli musiqisi və mətbəxi təqdim olunub. Tədbir çərçivəsində Avstriyada yaşayan azərbaycanlı pianoçu, bəstəkar və dirijor Abuzər Manafzadə, eləcə də Bakıdan Jivanı dəstəkləmək üçün səfər etmiş musiqiçilər Mila Miles və Rilayya musiqi proqramı ilə çıxış ediblər. Gecənin zirvəsini isə müsabiqədə Azərbaycanı təmsil edən Jivanın ifa etdiyi mahnılar təşkil edib.
Tədbir iştirakçıları Azərbaycan nümayəndəsinə uğurlar arzulayıb, ölkəmizin müsabiqədə layiqli şəkildə təmsil olunacağına əminliklərini ifadə ediblər.