VYANADA “AZƏRBAYCAN VƏ AVSTRİYA: İQTİSADİ PERSPEKTİVLƏR–ŞİRKƏTLƏR ÜÇÜN ŞANSLAR” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 27-də Vyanada Azərbaycanın Avstriyadakı səfirliyi və “Business & Culture” nəşriyyatı “Azərbaycan və Avstriya: iqtisadi perspektivlər - şirkətlər üçün şanslar” mövzusunda biznes tədbiri keçirmişlər.
Səfir Fuad İsmayılov Azərbaycanın iqtisadi vəziyyəti, son illərdə ölkənin iqtisadi artım səviyyəsinə görə dünyanın aparıcı ölkəsinə çevrilməsi və yerləşdiyi regionda lider dövlət olması barədə məlumat vermişdir. Bildirilmişdir ki, ölkələrarası iqtisadi əlaqələrin genişlənməsi və ticarət dövriyyəsinin artması, Bakı və Vyana arasında həftədə beş dəfə olmaqla birbaşa uçuşların həyata keçirilməsi, mütəmadi olaraq iş adamlarından ibarət missiyaların və yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri Avstriya iş adamları üçün Azərbaycanda investisiya qoyuluşuna münbit şərait yaratmışdır. Bu sırada Avstriya federal iqtisadiyyat və əmək naziri M.Bartenştaynın rəhbərliyi ilə böyük nümayəndə heyətinin Azərbaycana səfəri və Avstriyanın OMV şirkətinin Bakıda nümayəndəliyinin açılması xüsusi yer tutur. Həmçinin Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək “Nabukko” qaz kəməri layihəsində Azərbaycanın öz resursları ilə iştirak etmək niyyətində olması iştirakçıların diqqətinə çatdırılmışdır. Qeyri-neft sektorunun son illərdə prioritet sahələrdən birinə çevrilməsi və bununla bağlı müxtəlif dövlət proqramlarının icra olunmasına toxunan səfir bildirmişdir ki, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, texnika və texnologiyalar üzrə Avstriya-Azərbaycan Qarışıq Komissiyasının mayın əvvəlində Vyanada keçirilmiş beşinci iclasında Avstriya şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda fəaliyyəti imkanları geniş müzakirə edilmişdir.
Sonra Azərbaycan və MDB məkanında fəaliyyət göstərən Avstriya firmalarının (CLAAS İNTERNATİONAL, Atelier Landauer GmbH və s.) nümayəndələri regiondakı fəaliyyətləri, Azərbaycanda qazandıqları təcrübə və ölkənin iqtisadi potensialı barədə ətraflı məlumat vermiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.
Tədbirin sonunda elan edilmişdir ki, nəşriyyatın sentyabr ayından etibarən dərc olunacaq biznes jurnalının ilk nömrəsi tamamilə Azərbaycana həsr ediləcəkdir.