CƏMİYYƏT
Vyetnamın Jurnalistika və Kommunikasiya Akademiyasının nümayəndə heyəti AZƏRTAC-da olub
Bakı, 7 noyabr, AZƏRTAC
Vyetnamın Jurnalistika və Kommunikasiya Akademiyasının nümayəndə heyəti Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin Akademiyanın rektoru professor Fam Min Sonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ölkələrimiz arasında media sahəsində əlaqələrin inkişafı istiqamətləri müzakirə olunub.
Azərbaycan-Vyetnam münasibətlərinin dərin tarixi köklərə əsaslandığını deyən Vüqar Əliyev media sahəsində AZƏRTAC ilə Vyetnamın VNA xəbər agentliyinin sıx əməkdaşlığını nümunəvi adlandırıb. O qeyd edib ki, hər iki agentlik dəyişən informasiya mühitini nəzərə alaraq və uzunmüddətli tərəfdaşlığı yeni mərhələyə qaldırmaq üçün əməkdaşlıq müqaviləsini yeniləmək qərarına gəlib. “Artıq bu istiqamətdə işlər aparılır və yeni sənəd layihəsi üzərində işləyirik. Ümid edirəm ki, tezliklə sənədi imzalamaqla əməkdaşlığımızda yeni səhifə açmış olacağıq”, - deyə o bildirib.
Rektor Fam Min Son bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər onda böyük təəssüratlar yaradıb. Media və informasiya sahəsindən danışan rektor AZƏRTAC və VNA kimi aparıcı agentliklərin doğru xəbərlərin yayılmasında böyük rol oynadığını söyləyib. “Akademiyamızda indiyədək 1000-dən artıq jurnalist təlimlər keçib. Onların arasında VNA agentliyinin əməkdaşları da olub. Biz gənc jurnalistlərin yetişdirilməsinə, xarici dil biliklərinin artırılmasına xüsusi önəm veririk”, - deyə o qeyd edib.
Söhbət zamanı media savadlılığı, feyk xəbərlərlə mübarizə, sosial medianın informasiya məkanına təsirləri, jurnalist mübadiləsi kimi mövzular ətrafında müzakirələr aparılıb, qonaqlara Bakıda keçiriləcək COP29 barədə ətraflı məlumat verilib.
Görüşdə, həmçinin Akademiyanın prorektoru Tran Tan Qianq, Elmi İnformasiya Mərkəzinin direktoru Van Vu, beynəlxalq əlaqələr fakültəsinin dekanı Nquyen Ngok Oan, siyasi kommunikasiya fakültəsinin dekanı Luonq Nqok Vin və Azərbaycanın Vyetnamdakı səfirliyinin attaşesi Musa Quliyev iştirak ediblər.
Nümayəndə heyəti AZƏRTAC-ın binasında jurnalistlər üçün yaradılan şəraitlə də tanış olub.