X ÜMUMDÜNYA FESTİVALINDA UŞAQLAR ÖZ HƏMYAŞIDLARI ÜÇÜN İFA EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, iyulun 17-də Moskvada RF Teatr Xadimləri İttifaqı və Beynəlxalq Həvəskar Teatrlar Assosiasiyası tərəfindən təşkil olunan X ümumdünya uşaq teatrları festivalı başlanacaqdır. Festivalda dünyanın 20-dən çox ölkəsindən, o cümlədən Azərbaycandan teatrlar iştirak edəcəklər. Festivalın təntənəli açılış mərasimləri “Ermitaj” bağında və “Yeni Opera” teatrında keçiriləcəkdir.
Almaniyada yaradılmış bu festival uşaqlar və yeniyetmələr üçün keçirilən ən əlamətdar teatr hadisələrindən birinə çevrilmişdir. Festival müxtəlif illərdə Danimarkada, Türkiyədə, Yaponiyada, Almaniyada və Kubada keçirilmişdir.
RF Teatr Xadimləri İttifaqı festivalın “Uşaqlar uşaqlar üçün ifa edir” adlı əsas proqramından əlavə “KukArt” kukla festivalı (Sankt-Peterburq), “Açıq səma” Moskva küçə incəsənəti festivalı və “Böyük cizgi filmləri festivalı” ilə birlikdə xüsusi orijinal proqram da hazırlayır. Xüsusi proqram çərçivəsində “Ermitaj” bağında tamaşaçılar açıq səma altında nümayiş etdirilən ən yaxşı teatr tamaşalarına, eləcə də cizgi filmlərinə baxacaqlar.
Azərbaycanı beynəlxalq festival və müsabiqələrin dəfələrlə iştirakçısı olmuş “Günay” uşaq teatrı təmsil edəcəkdir. Teatrın kollektivi iyulun 22-də “Ermitaj” teatrında “Şelkunçik” tamaşasını nümayiş etdirəcəkdir.
İyulun 24-də başa çatacaq festival çərçivəsində yaradıcılıq görüşləri, diskussiyalar, ustad dərsləri, rejissor forumları və beynəlxalq konfranslar təşkil olunacaqdır.