Xaçmazda Qudyalçay üzərindəki avtomobil körpüsü yenidən qurulur
Xaçmaz, 20 fevral, Elxan Yusifli, AZƏRTAC
Qudyalçayın Xaçmaz rayonunun Xaspoladoba kəndi ərazisindən keçən hissəsində yerləşən avtomobil körpüsü yenidən qurulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, on minədək əhalinin yaşadığı 9 kəndi rayon mərkəzi ilə birləşdirən körpü sel sularının təsiri nəticəsində qəzalı vəziyyətə düşmüşdü.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə yenilənən körpünün eni 12, uzunluğu 63 metr olacaq. Layihəyə əsasən, müasir standartlara uyğun inşa olunan körpü 3 aşırımlıdır.
Tikinti işlərinin qısa müddətdə başa çatdırılması üçün əraziyə işçi qüvvəsi və texnika cəlb olunub.
Xaçmazın Xaspoladoba, Gəncəli, Bəbəli, Əzizli, Əhmədoba, Hacıəhmədoba, Hacıqurbanoba və başqa kəndlərinin əhalisi bu körpüdən rayon mərkəzinə gedib-gəlmək üçün istifadə edir.