Xaçmazın Aşağı Ləgər kəndində yeni bağça binası tikilir
Xaçmaz, 29 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonun Aşağı Ləgər kəndində yeni bağça binası inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 yerlik tərbiyə müəssisəsi bir qrupdan ibarət olacaq. Hazırda binada son tamamlama işləri aparılır. Tikintisi başa çatdıqdan sonra bağça körpələrin rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazımi inventarla təchiz olunacaq.
Bağçanın tikintisi ilə yerində maraqlanan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərlə söhbətində bildirib ki, son iki ildə rayonda 6 körpələr evi-uşaq bağçası üçün yeni bina inşa olunub.
Kənd sakinləri ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı görülən işlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.