Xalq Artisti Həsən Məmmədovun xatirəsi anılmışdır
Bakı, 21 noyabr (AZƏRTAC). Xalq Artisti Həsən Məmmədovun 75 illik yubileyi münasibəti ilə noyabrın 21-də anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi və kino ictimaiyyətinin nümayəndələri ikinci Fəxri xiyabanda aktyorun məzarını ziyarət etmiş, məzarı üstünə əklil qoymuşlar.
Mərasimdə çıxış edən Əməkdar Artist Elxan Qasımov böyük sənətkarlarımızın çəkildiyi filmləri, oynadığı rolları yada salaraq bildirmişdir ki, Həsən Məmmədov xoşbəxt sənətkardır. Vurğulamışdır ki o, həm tarixi, həm müasir obrazlar yaratmışdır.
Elxan Qasımov dekabrda böyük sənətkarın xatirə gecəsinin keçiriləcəyini də söyləmişdir.
Qeyd edək ki, Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulmuşdur. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmişdir. 1962-cı ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirmiş və təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir.
Kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov
“Azərbaycanfilm”də istehsal olunmuş “Böyük dayaq”, “Arşın mal alan”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “İstintaq”, “Dədə Qorqud”, “Axırıncı aşırım” və digər filmlərdə əsas rolları ifa etmişdir.
Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülmüşdür.
O, 2003-cü il avqustun 26-da vəfat etmişdir.