XALQ ARTİSTİ HƏSƏNAĞA TURABOVUN 70 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli teatr və kino aktyoru, xalq artisti, iki dəfə Dövlət mükafatı laureatı Həsənağa Turabovun anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük sənətkarın həyat və yaradıcılığı barədə ətraflı məlumat vermişdir.
Həsənağa Səttar oğlu Turabov 1938-ci il martın 24-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış və ömrünün sonunadək bu sənət ocağında çalışmışdır. Aktyorun böyük məharətlə yaratdığı obrazlar xalqımızın yaddaşında əbədi həkk olunmuşdur.
Sənətkarın əməyinə hələ sağlığında yüksək qiymət verilmişdir. O, xalq artisti adına layiq görülmüş, iki dəfə Dövlət mükafatı laureatı olmuşdur.
H.Turabov 1987-2001-ci illərdə Dövlət Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri vəzifələrində işləmişdir. Həmçinin 1992-ci ildən ömrünün sonunadək Teatr Xadimləri İttifaqının sədri, daha sonra prezidenti vəzifələrində çalışmışdır.
Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji oyun üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilmişdir. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirmişdir. Aktyorun böyük məharət və sənətkarlıqla yaratdığı obrazlar sənətsevərlər tərəfindən daim dərin rəğbət və məhəbbətlə qarşılanmışdır. Həsənağa Turabovun Azərbaycan kinematoqrafiyasının inkişafında da xidmətləri böyük olmuşdur. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində yaratdığı maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının böyük bir hissəsini təşkil etmiş və yüksək sənətkarlıq bacarığını bariz şəkildə nümayiş etdirmişdir. Onun iştirakı ilə çəkilmiş filmlər tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanmış və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil edilmişdir.
Həsənağa Turabov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyət də göstərmişdir. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda, mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni əsirgəməmişdir.
Mənalı ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş bu məşhur aktyor teatr və kino tariximizdə silinməz izlər qoymuş, öz yolunu, öz məktəbini yaratmışdır.
Tədbirdə xalq artistləri Eldar Quliyev, Yaşar Nuri, Siyavuş Aslan və başqaları H.Turabovun bir sənətkar, bir rəhbər, bir insan kimi müsbət xüsusiyyətlərindən danışmışlar.
Gecədə görkəmli sənətkarın çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirilmişdir.
Xatirə gecəsində aktyorun yetirmələri, incəsənət ustaları ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
![]() |
![]() |

