XALQ ARTİSTİ NƏCİBƏ MƏLİKOVANIN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Nəcibə Məlikova 1921-ci ildə sənətə və sənətkara yüksək qiymət verilən bir ailədə doğulmuşdu. O dövrün gənclərinə məxsus qeyri-adi yaradıcılıq həvəsi gələcək aktrisanı əvvəlcə Bakı Teatr Texnikumuna, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə gətirmişdi. O, uzun illər bu səhnədə müxtəlif tamaşalarda unudulmaz obrazlar yaratmışdır. Ancaq aktirasaya əsil tamaşaçı məhəbbətini Azərbaycan kinosunun klassikasına çevrilmiş filmlərdə yaratdığı zərif qadın rolları qazandırmışdır. Onun “Ögey ana” filmində yaratdığı ana obrazı bu baxımdan xüsusi yer tutur.
Dövlətfilmfondunun direktoru Cəmil Quliyev, əməkdar incəsənət xadimi kinoşünas Aydın Kazımzadə, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Kinoaktyorlar Gildiyasının prezidenti, xalq artisti Həmidə Ömərova, xalq artisti, rejissor Ramiz Əzizbəyli, kinooperator Şərif Şərifov və başqaları gecədə çıxış edərək bildirmişlər ki, aktrisanın istedadı çox şeyə qadir idi. Dərin dramatik, bəzən faciəli qadın rolları yaradan Nəcibə Məlikova, eyni zamanda, “Arşın mal alan”, “Əhməd haradadır?” kimi kinokomediyalarda da çəkilmişdir. Çıxış edənlər Nəcibə xanımı daşıdığı ada layiq, səmimi, güclü xarakterə malik, əsil sənətkar kimi xatırlamışlar.
Gecədə unudulmaz melodiyalar səslənmiş, Nəcibə Məlikovanın çəkildiyi və hazırda Dövlətfilmfondun kolleksiyasında saxlanılan filmlərdən parçalar nümayiş etdirilmişdir.
Aktrisanın oğlu Fuad Əsədov anasının xatirəsinə göstərilən diqqətə görə gecənin təşkilatçılarına və iştirakçılarına ailəsinin adından təşəkkürünü bildirmişdir.