XALQ YAZIÇISI ANARIN 70 İLLİK YUBİLEYİ XARİCİ ÖLKƏLƏRİN MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın görkəmli yazıçısı Anarın 70 illik yubileyi təkcə respublikamızın mətbuatının deyil, həm də xarici ölkələrdə dərc edilən qəzet və jurnalların diqqət mərkəzindədir.
Türkiyənin “Zaman” qəzeti Ankarada keçirilən yubiley tədbirlərini ətraflı işıqlandırmışdır. Ankarada çıxan “Kardeş qələmlər” dərgisinin mart nömrəsində Azərbaycan yazıçısının yaradıcılığına 33 səhifə ayrılmışdır. Burada Anar haqqında Türkiyədə nəşr olunmuş kitabın müəllifi Ayşə Atayın “Dilimizin böyük qələmi Anar 70 yaşında” adlı yazısında xalq yazıçımızın həyatından, əsərlərindən, sənət anlayışlarından bəhs olunur. Onun ayrı-ayrı hekayələrinin, povestlərinin təhlili verilir, romanları və pyesləri araşdırılır. Həmin yazıda Anarın şeirləri, şeir tərcümələri, esseləri və publisist məqalələri də tədqiqatçının diqqətindən yayınmamışdır. Veysel Şahinin “Beş mərtəbəli evin altıncı mərtəbəsində oturan adam: Anar” adlı məqaləsində yazıçının şəxsiyyətindən, varlıq, zaman və ölüm haqqında düşüncələrindən söz açılır. Dərgidə Türkiyədə, Azərbaycanda, bir çox Avropa və Şərq ölkələrində Anar haqqında yazılanlardan örnəklər də verilmişdir. Mətnə yazıçının müxtəlif adamlarla görüşlərini əks etdirən fotolar, ailə şəkilləri də əlavə edilmişdir.
Moskvada “Literaturnaya qazeta”da yazıçının yubileyi münasibətilə Çingiz Aytmatovun onun kitabına yazdığı ön söz “Yaxın qələm qardaşım” sərlövhəsi ilə dərc olunmuşdur. Həmin mətnin ardınca redaksiyanın özünün yazdığı təbrikdə deyilir: “Çingiz Aytmatovun Anarın bu yaxınlarda “Veçe” nəşriyyatında çapdan çıxmış “Vahimə” adlı seçilmiş nəsr kitabına yazdığı bu ön sözdə söylənilən xoş arzulara “Literaturnaya qazeta” da qoşulur. Gözəl Azərbaycan yazıçısının sözü bizim qəzetin səhifələrindən uzun illər səslənib və bu söz həmişə oxucuların marağını və diqqətini cəlb edib. Amma bu gün də, Avrasiya məkanında bir çox əhəmiyyətli mədəni-tarixi bağların qırıldığı bir zamanda da, biz bilirik: Xəzərin sahilində Rusiyanın və rus mədəniyyətinin həqiqi dostu yaşayır və yaradır. Ümid edirik ki, onun istedadı hamımıza hələ çox tapıntılar bəxş edəcək.
“Literaturnaya qazeta”, 19-25 mart 2008.”
“Drujba narodov” jurnalının builki 3-cü nömrəsində tənqidçi Lev Anninskinin “Ağ qoç, qara qoç” povestinə həsr olunmuş “İllərini sayan Anar” adlı məqaləsi dərc olunmuşdur. Moskvada nəşr edilən “Azerbadjanskiy Konqress” qəzetində Anar haqqında Ümumrusiya Azərbaycan Konqresinin sədri, akademik Məmmədbağır Əliyevin, “Ocaq” cəmiyyətinin sədri, professor Tofiq Məliklinin və şair İlham Bədəlbəylinin yazıları, Moskvada çıxan “Salam” adlı başqa bir qəzetdə filologiya elmləri doktoru, professor İmamverdi Əbilovun “İftixarımız” adlı məqaləsi dərc edilmişdir.
İranın paytaxtı Tehranda çıxan “Varlıq” jurnalında bu nəşrin baş redaktoru, görkəmli alim, professor Cavad Heyətin “Əziz dostum Anar Rza haqqında bir neçə söz” adlı məqaləsi verilmişdir. Məqalənin sonunda Anarın şeirlərindən örnəklərə də yer ayrılmışdır.
Rumıniyada çıxan rumın və türk qəzetlərində də Azərbaycan yazıçısının yubileyi ilə bağlı materiallar verilmişdir. Buxarestdə rumınca nəşr olunan “Ultima ora” (10 mart 2008) və türkcə “Qürbətçi” (mart 2008) qəzetlərində Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovun geniş məqalələri, “Anayurt” qəzetində (9 mart 2008) Həmdi Yılmazın “Heç bilmədim ömrüm necə gəldi, necə getdi” yazısı da Anara həsr edilmişdir. “Anayurt” qəzetinin 11 mart nömrəsində “Burkeştdə (Buxarestdə) Anar günü” başlığı altında mətn və çoxlu foto dərc edilmişdir.
Xalq yazıçısı Anar anadan olmasının 70 illiyi ilə əlaqədar ölkəmizdə və xaricdə yubileyini keçirən təşkilatçılara, onunla bağlı yazılar vermiş qəzet və jurnallara, yazı müəlliflərinə, haqqında verilişlər hazırlayan televiziya kanallarına, ona təbrik ünvanlayan yüzlərlə insana təşəkkürünü çatdırır.