“Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu genişləndirilir
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri aparılır.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə agentliyin “Azərelmitətdiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yolunun 4 zolağa genişləndirilməsi məqsədilə 1C kateqoriyasına uyğun hazırlanıb. Layihəyə əsasən, avtomobil yolunun ümumi uzunluğu 23,4 kilometr, torpaq yatağının eni 21,6 metr, hərəkət hissəsinin eni isə 15 metrdir. Hazırda marşrutboyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yolun genişləndirilməsi üzrə kommunikasiya xətlərinin köçürülməsi, svayların vurulması və torpaq işləri həyata keçirilir.
Layihə üzrə marşrutboyu Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 yolötürücüsünün, Xan Arxı və Samur-Abşeron su kanalı üzərində 2 körpünün, həmçinin Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisi də aparılır. Yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış obyektləri sahiblərinin kompensasiya alması istiqamətində müvafiq sənədləşmə işləri həyata keçirilir.
“Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması işlərinin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Avtomobil yolunun yenidən qurulmasında məqsəd Rusiya ilə sərhəddə yerləşən Samur, Şirvanovka və Xanoba sərhəd-keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır. Bundan başqa, yol yeni Bakı-Rusiya magistral avtomobil yoluna birləşəcək. Bununla da, avtomobil yolu sərnişinlərin və ölkə ərazisindən ixrac olunan məhsulları 3 keçid məntəqəsi arasında paylaşdıraraq daha da sürətli transfer rolunu oynayacaq.