XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ ALMANİYADAKI AZƏRBAYCAN DİASPORU İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycanın Almaniyadakı səfirliyinin və Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi tədbirdə bu ölkədəki diplomatik missiyamızın əməkdaşları, Azərbaycan və türk diasporlarını birləşdirən cəmiyyət və dərnəklərin nümayəndələri, Türkiyə-Azərbaycan dostluq və əməkdaşlıq cəmiyyətlərinin təmsilçiləri, Almaniyada çalışan ziyalılar və burada təhsil alan tələbələr iştirak etmişlər.
Avropa Azərbaycanlıları Konqresinin prezidenti Bahəddin Qaya, Azərbaycan Cəmiyyətləri Federasiyasının sədri Nüsrət Dilbəstə, Berlin Türk Camaatı Cəmiyyətinin sədri Yatqın və digər natiqlər çıxışlarında cəmiyyət və dərnəklərin Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması sahəsində gördükləri işlərdən danışmış, bir-birini dəstəkləyən qurumlar şəklində təşkilatlandıqlarını xüsusi qeyd etmişlər.
Xələf Xələfov demişdir ki, bu gün dünya siyasi xəritəsində Azərbaycan öz layiqli yerini get-gedə gücləndirir, regionun aparıcı dövlətinə çevrilir. Nazir müavini qeyd etmişdir ki, diaspor fəaliyyəti və siyasəti - yəni dünya azərbaycanlılarının mənəvi, mədəni birliyinin qorunub saxlanması, inkişaf etdirilməsi ideyası ulu öndərimiz, dünyanın böyük tarixi şəxsiyyəti Heydər Əliyevə məxsusdur. Onun uzaqgörən, düşünülmüş siyasəti nəticəsində Azərbaycan dövləti çox çətinlikləri aradan qaldıra bildi, daxili qarşıdurmaya, vətəndaş müharibəsinə, xaosa, anarxiyaya son qoyuldu. Bu gün ümummilli lider Heydər Əliyev aramızda olmasa da, onun müdrik siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
Xələf Xələfov Almaniyadakı təşkilatlanmış diasporumuzun mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbliğində, ölkəmizin haqq səsinin beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rol oynaya biləcəyini xüsusi vurğulamışdır.
Ölkəmizdə baş verən ictimai-siyasi proseslər, hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatlar, iqtisadiyyatımızın uğurlu inkişafı, fövqəldövlətlərin regiona, xüsusilə Xəzər məkanına yönəldilmiş siyasi, iqtisadi maraqları, neft strategiyası, transmilli neft şirkətlərinin Azərbaycana cəlb olunması barədə ətraflı məlumat verən diplomat Azərbaycanın regionda aparıcı dövlətə çevrildiyini diqqətə çatdırdı.
Xarici işlər nazirinin müavini Xələf Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə dair son vəziyyət barədə tədbir iştirakçılarını məlumatlandırmış, beynəlxalq təşkilatların, ilk növbədə BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, İslam Konfransı Təşkilatının münaqişənin nizamlanmasında səylərini artırdığını bildirmişdir.
Nazir müavini sualları cavablandırmış, soydaşlarımızı Azərbaycan naminə birləşməyə, ölkəmiz haqqında həqiqətlərin təbliği yolunda mənəvi-siyasi həmrəyliyi daha da gücləndirməyə çağırmışdır.