XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.
Pyotr Voznyak zəngin enerji ehtiyatlarını özündə cəmləşdirən Xəzər regionuna, xüsusilə də Azərbaycana Polşada böyük önəm verildiyini bildirdi.
M.Məmmədquliyev qarşılıqlı münasibətlərin böyük potensialı olduğunu xatırlatdı, əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin səfirlikləri səviyyəsində işlərin fəal şəkildə qurulacağına əminliyini söylədi.
Ölkəmizdə sosial, iqtisadi inkişaf barədə qonaqlara ətraflı məlumat verən nazir müavini Azərbaycanın xarici siyasətinin başlıca istiqamətlərindən də söhbət açdı. Bildirdi ki, Avropa və Avratlantik strukturlarına inteqrasiya yolunu tutan Azərbaycan Avropa İttifaqının Yeni qonşuluq siyasətinə qoşulmuşdur və bu çərçivədə əməkdaşlıq üzrə fəaliyyət planı ətrafında geniş dialoq aparır. Ölkəmizin Dünya Ticarət Təşkilatına (DTT) daxil olması üçün geniş iqtisadi, hüquqi və təbii-coğrafi şərait mövcuddur. İstər DTT-yə üzvlük, istərsə də Avropa strukturlarına inteqrasiya proseslərində Azərbaycan Polşanın təcrübəsinə və dəstəyinə böyük əhəmiyyət verir.
Bu yaxınlarda ölkəmizdə Diplomatiya Akademiyasının fəaliyyətə başlayacağını bildirən nazir müavini dedi ki, yeni qurum təkcə tədris deyil, həmçinin elmi tədqiqat mərkəzi kimi fəaliyyət göstərəcəkdir. Bu baxımdan Polşanın təcrübəsi və onun müvafiq strukturları ilə əməkdaşlıq Azərbaycan üçün önəmlidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə aparılmış fikir mübadiləsi zamanı M.Məmmədquliyev vurğuladı ki, Azərbaycan münaqişənin sülh yolu, beynəlxalq hüququn ümumi norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.
Pyotr Voznyak bu münaqişənin tezliklə həllinin zəruriliyini vurğuladı.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi oldu.