XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
İyulun 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Yunanıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri, eyni zamanda Avropa İttifaqı prezidentliyinin Azərbaycanda nümayəndəsi vəzifəsini icra edən Merkurios Karafotiası, Avropa Komissiyasının Xarici Əlaqələr üzrə Baş Direktorluğunun Qafqaz və Mərkəzi Asiya şöbəsinin Baş Administratoru Robin Liddelli və Avropa Evinin Azərbaycan üzrə əlaqələndiricisi xanım Yanni Bosheri qəbul etmişdir.
Nazir Vilayət Quliyev qonaqları səmimi salamlayaraq, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd etmiş və bu əlaqələrin daha da geniş vüsət alacağına əmin olduğunu bildirmişdir.
Xarici siyasət idarəsinin başçısı Avropa Evinin Azərbaycanda açılacağından məmnunluq ifadə etmiş və xanım Yanni Bosheri onun əlaqələndiricisi vəzifəsinə təyin olunması münasibətilə təbrik etmişdir. Nazir Vilayət Quliyev Avropa Evinin Azərbaycanda təsis olunmasını Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinə yardım edəcəyini qeyd etmişdir.
Səfir Merkurios Karafotias Azərbaycanın Avropa inteqrasiyasını yüksək qiymətləndirərək, Aİ ilə Azərbaycan arasında TASİS proqramı çərçivəsindən başqa təhsil, səhiyyə, ətraf mühitin qorunması sahələrində də birgə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu vurğulamışdır.
Səfir Azərbaycanda Avropa Evinin tezliklə açılacağını qeyd edərək Avropa İttifaqı haqqında Azərbaycan dilində məlumat kitablarının tərcümə edilməsinin və onun yayılmasının bu qurumun əsas fəaliyyətlərindən biri olduğunu bildirmişdir.
Robin Liddell və xanım Yanni Bosher Avropa İttifaqı ilə Azərbaycan arasında bir çox proqramlar, o cümlədən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində də əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əmin olduqlarını bildirmişlər.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.