SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Sentyabrın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev İran İslam Respublikasının Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimi salamlayan nazir Vilayət Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin bu ilin may ayında İran İslam Respublikasına rəsmi səfərindən sonra bu sahədə estafetin uğurla davam etdirilməsini məmnunluqla qeyd etdi. Nazir ölkə başçısının İrana səfəri zamanı tərəflər arasında görüşlərin intensiv xarakter almasının məqsəd kimi qarşıya qoyulduğunu bir daha xatırlatdı. Xarici siyasət idarəsinin başçısı nümayəndə heyətinin Azərbaycana səfərinin iki ölkə arasındakı münasibətlərə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirdi. Nazir Vilayət Quliyev bu səfəri müəyyən məsələlərdə hər iki tərəfi qane edəcək müsbət nəticələrin əldə edilməsi istiqamətində atılan addım kimi qiymətləndirdi.
İran İslam Respublikasının Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfəri iki ölkə arasında enerji, nəqliyyat və digər sahələrdəki əlaqələrin bundan sonra da genişləndirilməsinin tərəfdarı olduğunu qeyd edərək bu səfər cərçivəsində də üzərinə düşən vəzifələri uğurla həyata keçirəcəyini söylədi. Mehdi Səfəri Xəzər dənizinin hüquqi statusunun müsbət nəticələr əsasında həllinin Azərbaycanla İran arasındakı əlaqələrin inkişaf etdirilməsinə öz təsirini göstərəcəyinə əmin olduğunu vurğuladı.
Xarici işlər naziri Vilayət Quliyev İran İslam Respublikasının Prezidenti Məhəmməd Xatəminin Bakıya qarşıdan gələn səfərinin iki ölkə arasındakı əlaqələrin bundan sonra da yüksələn xətlə davam etməsinə xidmət göstərəcəyini bildirdi. Xarici işlər idarəsinin başçısı məsələnin həllində nəzəri mülahizələrdən konkret həllə keçmək üçün münbit şəraitin yetişdiyini qeyd edərək hər iki tərəfin nümayiş etdirdiyi siyasi iradəni dəstəklədiyini nəzərə çarpdırdı.
Görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edirdi.