Xarici turistlər Azərbaycanda alman irsinə göstərilən tolerant münasibətdən məmnun qalıblar
Gəncə, 30 yanvar, Rauf Hacıyev, AZƏRTAC
“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin KODA İcma Təhsil Mərkəzi (Gürcüstan) ilə birgə həyata keçirdiyi “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsi çərçivəsində “Alman irsi” üzrə beynəlxalq tur təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq turun təşkil edilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrinin nümayəndələrini Gəncə-Qazax zonasının turizm imkanları ilə tanış etmək və regiona turist axınının başlanmasına dəstək verməkdir.
Beynəlxalq turda ABŞ, Almaniya, Rusiya və Gürcüstan vətəndaşları iştirak ediblər. Beynəlxalq turun iştirakçıları Şəmkir və Göygöldə alman irsi və tariximiz ilə tanış olublar. Turistlər hər iki şəhərdə tarix-diyarşünaslıq muzeylərinə baş çəkib, vaxtilə almanların saldıqları küçələri gəzib, Lüteran kilsələrində olub, alman evlərinin arxitekturasına baxıblar.
Göygöldə əcnəbi turistlər sonuncu alman Viktor Klaynın evində olub, orda qorunub saxlanılan qədim əşyalara baxıblar. Turistlərə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri barədə də ətraflı məlumat verilib. Xarici turistlər alman irsinə olan tolerant münasibətdən məmnunluqlarını bildiriblər.