XEYİRXAH AMALLAR ŞAİRİ
AZƏRTAC xəbər verir ki, iyunun 6-da Aleksandr Sergeyeviç Puşkinin Bakıdakı abidəsi önündə dahi rus şairinin anadan olmasının 209-cu ildönümü ilə bağlı ədəbi tədbir keçirilmişdir. Puşkinin doğum günündə böyük şairin pərəstişkarlarının - orta məktəb şagirdlərinin, yaradıcı ziyalıların, ictimai təşkilatların nümayəndələrinin onun abidəsi önünə toplaşması artıq ənənəyə çevrilmişdir.
Böyük şairin abidəsi önünə güllər qoyulmuşdur.
Rusiyanın ölkəmizdəki səfiri Vasili İstratov bildirmişdir ki, Azərbaycanda rus dilinə həmişə böyük məhəbbətlə yanaşılmışdır. Burada Puşkini yaxşı tanıyırlar. Səfir xatırlatmışdır ki, Rusiya Federasiyasının hədiyyəsi olan bu abidənin 2001-ci il oktyabrın 12-də keçirilən açılış mərasimində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iştirak etmişdir. O vaxtdan hər il iyunun 6-da burada şairin xatirəsi anılır.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov, Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, “Sodrujestvo” cəmiyyətinin sədri Tatyana Kərimova və başqaları müasir rus dilinin formalaşması və inkişafında dahi şairin xidmətlərindən danışmışlar. Bildirilmişdir ki, A.S.Puşkin dünyanın bütün xalqları tərəfindən sevilir. Onun poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunmuşdur. Əsərləri görkəmli Azərbaycan şair və yazıçıları Məmməd Səid Ordubadi, Səməd Vurğun, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rüstəm və başqaları tərəfindən də tərcümə edilmişdir.
Orta məktəb şagirdləri Puşkinin əsərlərindən ədəbi kompozisiyalar nümayiş etdirmişlər.
Azərbaycan Rus İcması sədrinin müavini, Rus Dili Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina Bakı məktəbliləri arasında keçirilən illik “Puşkiniana” ədəbi müsabiqəsinin qaliblərini elan etmişdir. Laureatlara fəxri fərmanlar və hədiyyələr - Aleksandr Puşkinin kitabları təqdim olunmuşdur.
Tədbir Rusiyanın ölkəmizdəki səfirliyinin və Rusiya Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin köməyi ilə “Sodrujestvo” cəmiyyəti və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmişdir.
######
![]() |
![]() |
![]() |


