Xəzər dənizinin Su Bioresursları Komissiyasının 33-cü iclası Azərbaycanda keçiriləcəkdir
Bakı, 19 aprel (AZƏRTAC). Azərbaycan tərəfinin sədrliyi ilə Xəzər dənizinin Su Bioresursları Komissiyasının 33-cü iclası aprelin 24-25-də Bakı şəhərində keçiriləcəkdir.
İclasda Xəzərətrafı ölkələrin balıqçılıq təsərrüfatı nazirliklərinin və komitələrinin nümayəndə heyəti iştirak edəcəkdir.
İclasda balıq ovu kvotasının mənimsənilməsi, süni balıqartırma və balıq ehtiyatlarının mühafizəsi üzrə 2011-2012-ci illərdə görülən işlər barədə məlumat veriləcək, dəniz ekspedisiyalarının və elmi-tədqiqat işlərinin nəticələrinə əsasən balıq ehtiyatlarının müasir vəziyyəti barədə hesabatlar təqdim olunacaq, o cümlədən 2013-cü il üçün Xəzər dənizində su bioresurslarının ümumi ovunun həddi və onun milli kvotalara bölünməsi məsələsinə baxılacaqdır.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvərlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilmişdir.
İclasda, həmçinin nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulması məsələsinə də aydınlıq gətiriləcəkdir. Belə ki, 2010-cu il noyabrın 18-də Xəzərətrafı dövlətlərin başçılarının Bakı şəhərində keçirilmiş Sammitində Qazaxıstan Respublikası Prezidentinin irəli sürdüyü nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulması təklifi prezidentlər tərəfindən bəyənilmişdi. Bu təklifi həyata keçirmək məqsədi ilə Rusiya Federasiyası tərəfindən təklif edilmiş “Xəzər dənizində nərəcinsli balıqların ehtiyatlarının qorunması barədə” Saziş layihəsi müzakirəyə çıxarılacaqdır.
Bundan əlavə, Türkmənistan Respublikası tərəfindən irəli sürülmüş “Xəzər dənizinin su bioresurslarının qorunması və ehtiyatlarından səmərəli istifadə edilməsi” barədə Saziş layihəsi də müzakirə olunacaqdır.