XƏZƏR İNTEQRASİYA İŞGÜZAR KLUBUNUN ÜZVLƏRİ DÜNYA BANKININ AZƏRBAYCAN ÜZRƏ MENECERİ İLƏ GÖRÜŞMÜŞLƏR
AZƏRTAC xəbər verir ki, mayın 16-da Beynəlxalq Ticarət Mərkəzində Xəzər İnteqrasiya İşgüzar Klubunun (CİBC) üzvləri Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçakla görüşmüşlər.
Xəzər İnteqrasiya İşgüzar Klubunun prezidenti və baş icraçı direktoru Telman Əliyev rəhbərlik etdiyi qurumun məramı və fəaliyyəti barədə məlumat vermişdir. O diqqətə çatdırmışdır ki, CIBC-nin əsas məqsədləri dövlət orqanları və biznes numayəndələri arasında əlaqələri inkişaf etdirmək, həmçinin neft sektorundan daxil olan gəlirlərin ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım göstərməkdir.
T.Əliyev bildirmişdir ki, CIBC 2002-ci ilin iyununda “Caspian Energy” Beynəlxalq Nəşriyyat Evinin fəal iştirakı, Xəzər və Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin köməkliyi ilə yaradılmışdır. Elə həmin ildən Azərbaycan Prezidenti İlham Əliyev bu qurumun fəxri sədri vəzifəsinə seçilmişdir.
“Bu gün sıralarında dünyanın 30 ölkəsindən 500 şirkəti birləşdirən CİBC böyük və dinamik inkişaf edən təşkilatdır” - deyən qurumun prezidenti qeyd etmişdir ki, təşkilat vaxtaşırı olaraq dövlət orqanlarının rəhbər heyəti ilə Klubun üzvü olan iş adamları arasında görüşlər keçirir, bu görüşlərdə tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparır, mövcud problemlərin həlli istiqamətində rəy və təkliflərlə çıxış edirlər.
T.Əliyev Qreqori Yedjeyçaka klubun fəxri üzvü sertifikatını təqdim etmişdir.
Bankın təmsilçisi bildirmişdir ki, bölgələrdə sosial obyektlərin və istehsal müəssisələrinin yaradılması Azərbaycanın dünya ölkələri ilə sıx ticarət əlaqələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır.
Q.Yedjeyçak Azərbaycan hökumətinin beynəlxalq maliyyə təşkilatları ilə birgə layihələr həyata keçirdiyini xatırladaraq, bölgələrdə infrastruktur təminatının həll edilməsində həmin qurumların yatırdığı sərmayələrin də xüsusi rol oynadığını söyləmişdir. Artıq maliyyə təşkilatının Azərbaycana yatırdığı investisiyaların həcmi 1 milyard dollar olmuşdur, - deyən DB-nin təmsilçisi vurğulamışdır ki, bu investisiyalar əsasən yol, içməli su ilə təminat və digər sahələrə yönəldilmişdir.
Ölkə meneceri son illərdə Azərbaycanın maliyyə vəziyyətinin xeyli yaxşılaşdığını və hökumətin təkbaşına proqramları həyata keçirmək gücündə olduğunu bəyan etmişdir. Onun fikrincə, Azərbaycanın neft gəlirlərindən əldə etdiyi vəsaitləri qeyri-neft sektorlarına xərcləməsi iqtisadi baxımdan daha çox səmərə verəcəkdir.
Sonra görüş KİV nümayəndələrinin iştirakı olmadan davam etdirilmişdir.
######
