XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun iştirakçıları Muzey-Sərgi zalını ziyarət ediblər
Bakı, 14 sentyabr, AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Altayşünaslığın keçmişi, bu günü və gələcəyi” mövzusunda XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun iştirakçıları Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdəki Muzey-Sərgi zalını ziyarət ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, qonaqlara müxtəlif tarixi dövrlərə aid arxeoloji materiallar və maddi-mədəni irs nümunələri haqqında məlumat verilib. Muzeyin zəngin ekspozisiyası Azərbaycanın qədim tarixinin və arxeoloji irsinin qorunması, tədqiqi və ictimaiyyətə təqdim olunması baxımından böyük əhəmiyyət daşıyır.
Daha sonra simpozium iştirakçıları “Keçmişin sədası” sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan tarixindən, arxeoloji irsdən, memarlıq abidələrindən, milli ornamentlərdən və xalçaçılıq ənənələrindən ilhamlanan rəngkarlıq, xalçaçılıq, bədii toxuculuq, keramika və dekorativ-tətbiqi sənət nümunələri təqdim olunur. Qonaqlara sərginin konsepsiyası və əsərlərdə tarixi-mədəni irsin müasir bədii ifadəsi barədə məlumat verilib.
Ziyarət zamanı simpozium iştirakçıları muzeyin ekspozisiyası və sərgi ilə bağlı fikir mübadiləsi aparıb, Azərbaycanın tarixi-mədəni irsinin qorunması və təqdimatı ilə bağlı məlumat əldə ediblər.