XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO
Şamaxı, 18 sentyabr, AZƏRTAC
Qədim tarixi və zəngin mədəniyyəti ilə tanınan Şamaxıda tarixi-dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Dövlət səviyyəsində həyata keçirilən bu kompleks tədbirlər çərçivəsində rayonun Avaxıl kəndində yerləşən XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı və Kələxana türbələr kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə konservasiya olunub.
AZƏRTAC xəbər verir ki, mediatur çərçivəsində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfayıl Tağızadə ziyarətgahda aparılan arxeoloji tədqiqatlar və bərpa prosesi barədə məlumat verərək deyib: “2019-cu ilə qədər bura sadəcə Ömər ziyarətgahı kimi tanınırdı və burada türbənin olması haqqında dəqiq məlumat yox idi. 2019-cu ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılmış arxeoloji qazıntılar nəticəsində türbənin qalıqları və XIV əsrin ortalarına aid Pir Ömər Sultanın məzarı aşkarlandı. Ziyarətgahda Heydər Əliyev Fondunun dəstəyi ilə geniş bərpa işləri aparıldı. Abidənin ətrafında çay və qaya daşlarından olan divarlar bərpa olunub, Pir Ömər Sultan Avaxılının məzarı və müridlərin qəbirlərində səliqə-sahman yaradılıb. Xəlvətilik təriqətinin mənəvi dəyərlərini yaşadan bu ocağa göstərilən diqqət və qayğıya görə şamaxılılar adından dərin minnətdarlığımızı bildiririk”.

Aparılan konservasiya işləri zamanı ziyarətgahın daxilində Pir Ömər Avaxılıya, kənarlarında isə başqa şəxslərə aid 8 qəbir aşkar edilərək səliqəyə salınıb. Abidənin və onun ətrafının qorunması üçün eyni daş materialından əhatə divarı hörülüb, üzərində isə 16 metr hündürlüyündə səkkizbucaqlı metal konstruksiyadan çardaq qurulub. Həmçinin ziyarətçilər üçün gəzinti zolağı salınıb, bütün işlər zamanı ətraf mühitə və qəbirlərə ziyan dəyməməsinə xüsusi diqqət yetirilib.
Bununla yanaşı, Şamaxının Kələxana kəndində yerləşən və XVII əsrə aid olan Kələxana türbələr kompleksində də bərpa və konservasiya tədbirləri yekunlaşıb. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi, eləcə də xarici mütəxəssislərin iştirakı ilə həyata keçirilən layihə çərçivəsində kompleksə daxil olan türbələrdən 7-si bərpa edilərək gələcək nəsillərə çatdırılması təmin olunub.
Operator – Ceyhun Mustafayev