Xızı rayonunun Qarabulaq avtomobil yolu yenidən qurulur
Bakı, 17 noyabr, AZƏRTAC
Giləzi-Xızı (18 kilometr) Qarabulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə başlanılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən yolun uzunluğu 11,7 kilometrdir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metrə qədər təşkil edəcək. Hazırda avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb. Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də həyata keçirilib.
Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud metal və dəmir-beton borular bərpa olunub, zəruri yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri yerinə yetirilib.
Hazırda texnoloji ardıcıllığa uyğun olaraq yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yol örtüyünün alt layının asfalt-beton örtüyü ilə tikintisi yekunlaşmaq üzrədir.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Texnoloji ardıcıllığa uyğun olaraq, yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla, yük və sərnişin daşımasını da asanlaşdıracaq.
Tərtib olunmuş qrafikə uyğun işlərin cari ilin sonunadək yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.