XOCALI FACİƏSİ ERMƏNİSTAN TƏRƏFİNDƏN AZƏRBAYCANLILARA QARŞI YÖNƏLƏN SOYQIRIM SİYASƏTİNİN NƏTİCƏSİDİR
Fevralın 26-da səhər tezdən minlərlə adam Xətai rayonunda Xocalı soyqırımı şəhidlərinin xatirəsinə ucaldılmış “Vətən harayı” abidəsinin önünə toplaşmışdı. Xocalı soyqırımının 11-ci ildönümünə həsr olunmuş anma mərasimindəki transparantlarda “Tarix heç nəyi unutmur”, “Həmvətənlər! Xocalı faciəsini bütün dünyaya bəyan edin!”, “Xocalı soyqırımı beynəlxalq təşkilatlar tərəfindən tanınmalıdır!”, “BMT, ATƏT, Avropa Şurası! Erməni təcavüzünə son qoyun!” və digər şüarlar yazılmışdı.
Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü İlham Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, nazirlər, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak edirdilər.
Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, İrəvan və Muğam teatrlarının aktyorlarının, “Xarı bülbül” ansamblının üzvlərinin iştirakı ilə rejissor Vaqif Əsədovun quruluş verdiyi “Xocalı harayı” tamaşası göstərildi.
Bu tamaşanın ümumi ruhunu Azərbaycan Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının 11-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına Müraciətində ifadə olunan fikirlər təşkil edirdi. Ölkəmizin başçısı demişdir ki, Xocalı soyqırımını törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Təpədən dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında Xocalı müdafiəçiləri özlərini itirmədilər, əyilmədilər, qəhrəmanlıq və rəşadət nümunələri göstərdilər. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq, əsl fədakarlıq və vətənpərvərlik nümayiş etdirdilər.
Abidənin önünə Azərbaycan Prezidenti Heydər Əliyevin adından əklil qoyuldu.
Mərasimin sonunda iştirakçılar abidənin önünə tər qərənfillər düzdülər.
AZƏRTAC-ın müxbiri Milli Məclisin mərasimdə iştirak edən iki deputatından müsahibə almışdır.
` Elman Məmmədov:
- Allah bütün şəhidlərimizə rəhmət eləsin. İnanıram ki, onların qanı yerdə qalmayacaq, erməni cəlladlar öz layiqli cəzalarını alacaqlar, Xocalı genosidi isə beynəlxalq miqyasda tanınacaqdır. Bu sahədə ciddi iş aparılır. Bu günlər dünyanın 100-dən çox ölkəsində Xocalı qurbanlarının xatirəsi anılır, mitinqlər, piketlər keçirilir. Yəqin ki, səsimiz eşidiləcəkdir.
Elton Məmmədov:
- Xocalı faciəsi xalqımızın qanı axan yarasıdır. Bu gün hamı öz qəlbinin hökmü ilə “Vətən harayı” abidəsinin önünə gəlib, şəhidlərin xatirəsini anır, “Başın sağ olsun, Vətən!”, - deyir. Bu, adi, növbəti anma mərasimi deyil. Yaddaşımızı silkələyən, bizi dərindən düşünməyə məcbur edən aksiyadır. Borcumuz Xocalı genosidinin beynəlxalq miqyasda tanınmasına nail olmalıyıq. Tutduğu vəzifəsindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları buna çalışmalıdırlar. İnanıram ki, soyqırıma beynəlxalq aləmdə hüquqi-siyasi qiymət veriləcəkdir. Allah şəhidlərimizə rəhmət eləsin.