Xocalı faciəsi qurbanlarının əziz xatirəsi yad edilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ADMİU-nun tərbiyə və humanitar işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli bəşər tarixinin ən qanlı qətliamlarından sayılan erməni vandallarının törətdikləri bu soyqırımı aktının mahiyyəti və acı nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın hərbçiləri ilə birlikdə dünyanın gözü qarşısında tarixdə bənzəri olmayan qəddarlıq və vəhşiliklə Xocalı soyqırımını törətmişlər. Əvvəlcədən hazırlanmış plan əsasında Xocalı şəhərinə 5 istiqamətdən hücum edən erməni quldurları əliyalın dinc mülki əhalini gülləbaran etmiş, bir gecədə Xocalı şəhəri yerlə-yeksan olunmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür.
Xocalı faciəsinə ilk dəfə siyasi-hüquqi qiymətin xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdıran G.Əliyeva-Kəngərli bu gün ermənilərin Xocalıda törətdikləri soyqırımı ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətlərinin misilsiz olduğunu vurğulamışdır.
Digər çıxışçılar ermənilərin əsrlər boyu xalqımıza qarşı apardıqları düşmənçilik siyasətinin bariz nümunəsi olan bu kütləvi qırğının təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu vurğulamışlar.
Mərasimdə şairlər milli vətənpərvərlik mövzusunda və Xocalı soyqırımına həsr etdikləri şeirlərini səsləndirmişlər.
Sonda universitetin tələbələri Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.