Xocalı faciəsi qurbanlarının xatirəsi Haaqada anılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Xocalı faciəsi qurbanlarının xatirəsi Niderlandın Haaqa şəhərində də yad edilmişdir.
Diaspora İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, Azərbaycan-Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş aksiyada Haaqa Dinlərarası Dialoq Platformasının rəhbəri Bart en Broek, tanınmış hollandiyalı jurnalist Jack Kroes, Azərbaycanın və Türkiyənin Niderlanddakı səfirliklərinin nümayəndələri, bu ölkələrin icmalarının təmsilçiləri, yazıçı-şair Orhan Aras, jurnalistlər, ictimai-siyasi xadimlər və yerli sakinlər iştirak etmişlər.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhidlərin ruhuna dualar oxunmuşdur. Daha sonra Xocalıda öldürülmüş körpələrin xatirəsinə üzərində onların adları yazılmış 83 ağ şar havaya buraxılmışdır.
Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin prezidenti İlhan Aşkın demişdir ki, Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması üçün bütün imkanlardan istifadə olunur. O demişdir: “Bosniya və Herseqovina, Pakistan, Macarıstan kimi ölkələr bu qətliamı soyqırımı kimi tanımışdır. Biz çalışırıq ki, Niderlandda da belə qərar qəbul olunsun. Bu problemin Niderland parlamentində müzakirəyə çıxarılması üçün var gücümüzlə çalışırıq. Bu məqsədlə imza kampaniyası keçirməyi planlaşdırırıq”.
Aksiyada 500-dən artıq insan iştirak etmişdir.