Xocalı faciəsi XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş növbəti kütləvi qırğındır
Bakı, 25 fevral (AZƏRTAC, Elvira Məmmədova). Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri anma tədbirində universitetin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə törədikləri insanlığa sığmayan vəhşiliklərdən danışmışdır.
Rektor “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 13 fevral tarixli Sərəncamının əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində respublikamızda və dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər həyata keçirilir.
ADPU-nun fəlsəfə kafedrasının müdiri, dosent Yasin Qaraməmmədli, tələbə gənclər təşkilatının sədri Sahil Qələndərov və digər çıxış edənlər faciənin acı nəticələrindən danışmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışlar.
Bildirilmişdir ki, Xocalı faciəsi XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş növbəti kütləvi qırğın olmaqla bərabər, həm də Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş ənənəvi terror siyasətinin tərkib hissəsidir. Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadan həyata keçirilmiş bu soyqırımı aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönəldilmişdir.