Xocalı qətliamı günahsız dinc azərbaycanlıların qəddarlıqla qətlə yetirildiyi çox dəhşətli faciədir
Təl-Əviv, 25 fevral (AZƏRTAC). Xocalı qətliamı günahsız dinc azərbaycanlıların - uşaqların, qadınların və qocaların qəddarlıqla qətlə yetirildikləri çox dəhşətli faciədir. Beynəlxalq ictimaiyyət Xocalı soyqırımını tanımalıdır.
Bu fikir Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar fevralın 25-də İsraildə keçirilmiş anma mərasimində səsləndirilmişdir.
AZƏRTAC xəbər verir ki, fevralın 25-də Təl-Əviv Universitetinin nəzdində fəaliyyət göstərən Yəhudi Diaspora Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” kampaniyasının dəstəyi, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət” adlı anma mərasimi keçirilmişdir.
Tədbirin keçirildiyi binanın foyesində Xocalı faciəsindən bəhs edən fotosərgi açılmışdır.
Sərgidə Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar, broşürlər, audio-video materiallar nümayiş etdirilmişdir.
Tədbir iştirakçıları faciəni əks etdirən fotoşəkillərə ürəkağrısı ilə baxmış, ermənilərin günahsız insanlara qarşı törətdikləri vəhşiliklərdən heyrətə gəlmişlər.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin, İsrail parlamentinin deputatları, İsrail Dövlətinin və hökumətinin üzvləri, Təl-Əvivdəki Türkiyə, Qazaxıstan, Özbəkistan, Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Yaponiya və digər ölkələrin səfirliklərinin, Şimali Kipr Türk İcmasının nümayəndələri, tələbələr, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
Sonda Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Xətayi Əzizov
AZƏRTAC-ın müxbiri
Təl-Əviv