Xocalı qurbanlarının qisası Vətən müharibəsi zamanı döyüş meydanında alınıb
Şəki, 26 fevral, AZƏRTAC
İnsanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar Şəki rayonunda silsilə tədbirlər davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 26-da Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə anım tədbiri keçirilib. İcra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin, ictimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinin iştirak etdiyi tədbirin əvvəlində soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəhər icra hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı çıxış edərək, faciənin başvermə səbəbləri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıb, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib.
Şəki Dövlət Regional Kollecinin tarix müəllimi Aysel Camalova çıxışında günahsız Xocalı qurbanlarının qisasının döyüş meydanında alındığını bildirib. Qeyd olunub ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız Zəfər tarixi əhəmiyyət daşıyır. Eyni zamanda, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində Xocalı düşmən tapdağından tamamilə azad edilib. Bu gün Xocalı şəhərində və ətraf kəndlərdə yenidənqurma işləri böyük sürətlə davam edir. Böyük Qayıdışın ən yaddaqalan anlarından biri Xocalı sakinlərinin öz doğma yurdlarına qayıtmasıdır.
Sonra Xəzər Media Mərkəzinin hazırladığı “Danışır Xocalı” sənədli filmi nümayiş olunub.
Faciənin ildönümü ilə əlaqədar saat 17.00-da rayon ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.