Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri - elmi seminar
Bakı, 24 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri“ mövzusunda elmi seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova bildirib ki, 1992-ci il fevralın 26-na keçən gecə ermənilərin imperiya ordusunun 366-cı alayının köməyi ilə xüsusi amansızlıq və ağlasığmaz vəhşiliklə Xocalı şəhərində həyata keçirdikləri genosid aktı təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu baxımdan Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Boran Əziz “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri“ mövzusunda məruzəsində qeyd edib ki, tarix boyu türklərə qarşı düşmənçilik siyasəti yeridən Ermənistan dövlətinin bu dəhşətli hadisəni törətməkdə əsas məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələri tarixə Xocalı-Gədəbəy mədəniyyəti adı ilə daxil edilmiş və tədqiq olunmuşdu. İşğaldan sonra bütün bu maddi mədəniyyət abidələrinin və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Xocalı soyqırımı zamanı 613 nəfər Xocalı sakini (onlardan 106 nəfər qadın, 63 uşaq, 70 qoca) öldürülüb, 8 ailə tamamilə məhv edilib, çoxlu sayda insan yaralanıb və itkin düşüb.
Elmi seminarda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə qazandığımız tarixi Zəfərlə ədalətin qalib gəldiyi, torpaqlarımızın işğaldan azad edildiyi vurğulanıb.