Xocalı soyqırımı ümumbəşəri dəyərlərə qarşı törədilmiş cinayətdir
Mingəçevir, 26 fevral, Vüsalə Cənnətova, AZƏRTAC
Xocalı soyqırımı insanlıq tarixinin qanlı səhifəsidir. Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, insan hüquqlarına və beynəlxalq hüquq normalarına qarşı törədilmiş cinayətdir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə Mingəçevir şəhərində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan tədbirdə bildirilib.
Şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, Mingəçevirdə məskunlaşmış xocalılıların bir qrupunun, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda uzun illərdir Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində aparılan sistemli işlərdən söz açılıb, 2020-ci ilin xalqımızın başına gətirilən faciələrin qisasının alındığı il olduğu vurğulanıb.
Bildirilib ki, hazırda bütün azad edilmiş torpaqlarımız kimi, Xocalıda da həyat yenidən canlanır, yaralarımız sarınır.
xxx
Daşkəsən rayonunda da Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan toplantı keçirilib.
Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, həmçinin rayonun ictimaiyyət nümayəndələrinin iştirakı ilə reallaşan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Çıxış edənlər Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayaraq, həmin gecə dinc əhaliyə qarşı törədilən dəhşətlərdən söz açıblar.
Qeyd edilib ki, Vətən müharibəsi və antiterror tədbirlərində qazanılan Zəfər sayəsində torpaqlarımız işğaldan azad olunaraq suverenliyimiz təmin edilib. 2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xocalıda Azərbaycanın şanlı Dövlət Bayrağının ucaldılması tarixi ədalətin təntənəsi idi. Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, şanlı Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi Zəfərin qürurunu yaşayır. Öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən quruculuq və bərpa işləri, insanların öz doğma yurdlarına qayıdışı həm də tarixi ədalətin təntənəsidir.
Sonda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.