Xocalı soyqırımının ildönümü Qəbələdə silsilə tədbirlərlə qeyd olunub
Qəbələ, 26 fevral, Rasim İslamoğlu, AZƏRTAC
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayonda müvəqqəti məskunlaşmış Xocalı sakinlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəhidlər xiyabanı kompleksi ziyarət edilib, məzarların üzərinə gül dəstələri düzülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verildiyini bildirib. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı, o cümlədən Xocalını azad edib və həmin ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Vurğulanıb ki, artıq məcburi köçkünlərin, eləcə də Xocalı sakinlərinin doğma yurd-yuvalarına köçürülməsi prosesi həyata keçirilir və bu münasibətlə sakinlər təbrik olunub.
Xocalı sakini Kamal Məmmədov çıxışında qeyd edib ki, Xocalının azad edilməsindən sonra bu gün artıq fərqli əhval-ruhiyyə ilə anılır, sakinlər səbirsizliklə doğma yurd-yuvalarına qayıdacaqları günü gözləyirlər.
Xatırladaq ki, həftə ərzində rayonun bütün idarə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrində “Xocalı həftəsi” çərçivəsində müxtəlif anım tədbirləri keçirilib, inşa, şeir və rəsm müsabiqələri təşkil olunub, ədəbi kompozisiyalar təqdim edilib, sənədli və bədii filmlər nümayiş etdirilib.
Bu gün saat 17:00-da Qəbələ rayonu ərazisində Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.