Xoşbulaq yaylağındakı siklopik qalanın memarlıq-planlaşdırma xüsusiyyətləri tədqiq olunur
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycanın dağlıq zonaları qədim dövrlərdən etibarən strateji və müdafiə xarakterli memarlıq nümunələri ilə zəngindir. Bu baxımdan, Kiçik Qafqazın mühüm yaylaqlarından biri olan Daşkəsən rayonunun Xoşbulaq yaylağı təbii-coğrafi mövqeyi ilə yanaşı, qədim istehkamçılıq mədəniyyətinin izlərini də bu günədək qoruyub saxlayıb.
Memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı AZƏRTAC-a bildirib ki, bölgədə aparılan vizual memarlıq tədqiqatları zamanı Xoşbulaq yaylağının hündür dağ zirvələrindən birinin hamar relyefində yerləşən, elmi ədəbiyyatda və rəsmi qeydiyyatda indiyədək geniş təhlil olunmamış unikal siklopik qala (çoban qalası, yaxud qala-məskən) qalığı aşkarlanıb.
Alimin sözlərinə görə, ilkin vizual memarlıq tədqiqatlarının nəticələri göstərir ki, Xoşbulaq yaylağındakı qalanın memarlıq-planlaşdırma həlli Azərbaycanın digər dağ qalalarında, xüsusilə Qarabağ və Naxçıvan bölgələrində yerləşən qədim istehkamlarda müşahidə olunan ənənəvi “relyefə tabe olma” prinsipinə əsaslanır. Qalanın həndəsi planı dağ zirvəsinin təbii perimetri boyunca formalaşdırılıb və onun konturlarına tam uyğunlaşdırılıb. Bu, memarlıqda təbii müdafiə imkanlarından maksimum səmərəli istifadə olunduğunu əks etdirir.
Rizvan Qarabağlı bildirib ki, abidə mürəkkəb mühəndislik təfəkkürünün məhsulu olmaqla ikiqat müdafiə divarları ilə əhatə olunub. Qalanın ən yüksək və strateji baxımdan əlçatmaz hissəsində isə İçqala (sitadel) yerləşir.
Tədqiqatçı qeyd edib ki, müdafiə divarlarının inşasında heç bir birləşdirici məhluldan – palçıq, əhəng və ya digər bağlayıcı materiallardan istifadə edilməyib. İriölçülü, qeyri-müntəzəm formalı təbii daşlar “quru hörgü” (siklopik hörgü) texnikası ilə bir-birinin üzərinə düzülərək möhkəm konstruksiya yaradılıb. Daşların səthini örtən çoxəsrlik (minillik) mamır təbəqəsi divarların uzun müddət toxunulmaz qaldığını göstərir və onların qədimliyini vizual baxımdan təsdiqləyən mühüm əlamətlərdən biri kimi qiymətləndirilir.