SİYASƏT
Yalçın Topçu: Zaman keçdikcə Qarabağ Zəfərinin nə qədər əhəmiyyətli olduğu daha böyük mənalarda özünü vəsf edəcək
![Yalçın Topçu: Zaman keçdikcə Qarabağ Zəfərinin nə qədər əhəmiyyətli olduğu daha böyük mənalarda özünü vəsf edəcək](/files/2021/3/1200x630/16402475451652327305_1200x630.jpg)
Ankara, 23 dekabr, AZƏRTAC
Tarixi Qarabağ Zəfəri təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının ləyaqətinin, qürurunun və gələcəyinin Zəfəridir. Zaman keçdikcə, bu Zəfərin nə qədər əhəmiyyətli olduğu daha böyük mənalarda özünü vəsf edəcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı bu rəşadət əbədiyyətə qədər qalibiyyət olaraq yaşayacaq və İslam-türk aləmi hər zaman bundan qürur duyacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu ifadə edib.
Müzəffər Ali Baş Komandan, Türk Dünyasının Ali Ordeninə layiq görülmüş Prezident İlham Əliyevə 60 illik yubileyi münasibətilə ən xoş arzularını, səmimi təbriklərini çatdıran Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu deyib: “Başda hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğan olmaqla xalqımız və dövlətimiz 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu. Bu ədalətli və qətiyyətli mövqeyimizə görə qürur duyuruq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində qəbul etdiyi qətiyyətli qərarlar, həyata keçirdiyi siyasət və dəqiq hesablanmış hərbi hərəkətlər parlaq Qələbəni daha da sürətləndirdi”.
Güclü ordu quruculuğu, o cümlədən hərbi sahədə Türkiyə ilə əməkdaşlıq, birgə hərbi təlimlər, həssas siyasət, dəqiq diplomatiya, bütün sahələr üzrə iqtisadi inkişaf kimi amillərini Qarabağ Zəfərinin qazanılmasında mühüm amillər kimi dəyərləndirən Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu deyib: “Azərbaycan xalqının İkinci Qarabağ savaşında göstərdiyi birlik, Müzəffər Ali Baş Komandana və Orduya verilən ümumxalq dəstəyi müharibənin ilk günündən düşməni və onun havadarlarını təşvişə saldı. İstəyənlər də, istəməyənlər də bu birliyin qüdrəti ilə hesablaşmalı oldular. Əminəm ki, Can Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda daha çox böyük zəfərlər qazanacaq. Bu zəfərlərin zirvəsində isə Zəngəzur dəhlizinin açılması, onun yeni modeldə qurulması və türk dünyası arasında birbaşa quru əlaqələrin təmin olunması dayanır. Azərbaycan və Türkiyənin birliyi nəticəsində qətiyyətli liderlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev bütün dünyaya isbat etdilər ki, Zəngəzur dəhlizi ümumilikdə bütün Avrasiya üçün beynəlxalq əhəmiyyət daşıyan dəhlizdir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara