Yanğından mühafizə fəaliyyəti üzrə çalışan bəzi müəssisələrin lisenziyaları ləğv olunub
Bakı, 5 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq lisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət olunması, həmçinin müəssisələrin gördüyü işlər və göstərdiyi xidmətlərlə bağlı mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə lisenziyaya malik “Ecfire” və “Active Solutions” Məhdud Məsuliyyətli cəmiyyətlərinin həmin fəaliyyət növləri üzrə lisenziyaların şərtlərinə əməl etmədiyi aşkar edilib.
Aparılan yoxlamalar zamanı müəyyən edilib ki, həmin müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, eləcə də müvafiq işləri aparmaq üçün maddi-texniki baza ilə təmin olunmayıb.
Fəaliyyətlərində ciddi qanun pozuntuları aşkar olunan yanğından mühafizə fəaliyyəti üzrə lisenziyaya malik həmin müəssisələr tərəfindən görüləcək işlərin və göstəriləcək xidmətlərin baş verə biləcək yanğınların söndürülməsi işində qeyri-effektivliyi şübhə doğurmur ki, bu da öz növbəsində baş verə biləcək yanğınlar zamanı insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.
Bütün bunları nəzərə alaraq, “Lisenziyalar və icazələr haqqında” Qanunun 27.3-cü bəndinə əsasən, aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən həmin müəssisələrin müvafiq lisenziyaları ləğv olunub.