Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 232,2 milyon ABŞ dolları olub
Bakı, 5 fevral, AZƏRTAC
2022-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 3,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 232,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il illə müqayisədə 86,2 milyon ABŞ dolları və ya 59 faiz artıb.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral nömrəsinə istinadla bildirir ki, bu ilin yanvar ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 milyon ABŞ dolları artaraq 52,8 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,3 dəfə, pambıq lifi ixracı 56,4 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 56,5 faiz, pambıq iplik ixracı 34,5 faiz, şəkər ixracı isə 24,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 10,2 faiz artıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 31 faiz artaraq 60,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 71,9 faiz artaraq 172 milyon ABŞ dolları təşkil edib.