YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Oruc Cəfərovun ailəsini ziyarət ediblər
Bərdə, 9 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının üzvləri "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçu Cəfərov Oruc Vaqif oğlunun ailəsini ziyarət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı Azərbaycan Ordusunun 44 günlük müharibədəki şücaətindən, şəhid Oruc Cəfərovun keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Oruc Cəfərov sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edliməsində iştirak edib və elə orada şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Cəfərov Oruc Vaqif oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
YAP rayon təşkilatın sədri Fəqət Şadlinskaya qeyd edib ki, 2020-ci il ölkəmiz üçün qələbə ili kimi tarixə düşdü. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Şəhidin anası Mətanət İsgəndərova oğlu Orucun hərbidəki xidmətlərindən və ömür yolundan danışıb. Eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə edib.
Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməklik göstəriblər.