YAP Nizami rayon təşkilatı partiyanın yaranmasının 30 illiyi münasibətilə tədbir təşkil edib
Bakı, 19 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının “Babək prospekti, 10G” ərazi partiya təşkilatında partiyanın yaranmasının 30 illiyi münasibətilə tədbir keçirilib.
YAP Nizami rayon təşkilatından AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Yeni Azərbaycan Partiyasının inkişaf tarixinə həsr edilmiş videoçarxa baxılıb.
Çıxış edən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, QSC-nin baş direktorunun müavinləri Yaqub Ağasiyev, Eldəniz Həsənli və başqaları çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələblərindən irəli gəlib və bu gün ölkəmizin əldə etdiyi uğurlar məhz bu partiyanın və onun qurucusu, ulu öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Qeyd edilib ki, YAP-ın Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil, demokratik respublikamız sürətlə inkişaf edir və partiyanın nüfuzu gündən-günə artmaqdadır.
Sonda bir qrup partiya veteranına, fəallarına və Vətən müharibəsinin iştirakçılarına təşəkkürnamələr, fəxri fərmanlar təqdim edilib.