CƏMİYYƏT
YAP Sədrinin müavini: Hazırda dövlətçilik tariximizin ən möhtəşəm dövrünü yaşayırıq
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpası, heç şübhəsiz, ən böyük Qələbəmiz kimi tarixə əbədi həkk olunub. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın bütün cəbhələrdə - hərb meydanında, informasiya platformasında və diplomatiya müstəvisində üstünlüyünü təmin edərək böyük nailiyyətlərə müvəffəq olması nəticəsində hazırda dövlətçilik tariximizin ən möhtəşəm dövrünü yaşayırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən Zəfər Gününə həsr olunmuş tədbirdə YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov söyləyib.
T.Budaqov Azərbaycan xalqının 8 Noyabr – Zəfər Gününü böyük coşqu ilə qeyd etdiyini vurğulayıb, eyni zamanda, möhtəşəm Zəfərə gedən yolun olduqca çətin və keşməkeşli olduğunu bildirib. O xatırladıb ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu hədəfə çatmaq üçün məqsədyönlü addımlar atılıb, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda məqsədyönlü işlər görülərək Azərbaycanı böyük Zəfərə aparan yolun əsası qoyulub.
“Bu gün iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Ümummilli Lider Heydər Əliyevin siyasi varisi - Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunub”, - deyə o, əlavə edib.