YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib
Bakı, 23 fevral, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində fevralın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Tədbirdə YAP-ın Nərimanov, Şuşa və Cəbrayıl rayon təşkilatlarının üzvü olan fəal gənclər iştirak ediblər.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının silsilə tədbirlər keçirdiyini bildirib. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini deyən S.Vəliyev dahi şəxsiyyətin ideyalarının gənc nəslə aşılanmasının vacib olduğunu söyləyib.
YAP Veteranlar Şurasının üzvü Əli Həsənov çıxışında gənclərlə görüşlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Azərbaycanda dövlət gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan Ə.Həsənov bildirib ki, gənclərimiz Ümummilli Liderimizin zəngin irsini dərindən öyrənməlidir.
Sonra çıxış edən YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb.
YAP Veteranlar Şurasının üzvü Ədalət Fərəcov isə çıxışında ulu öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. 1993-cü ildə hakimiyyətə qayıtması ilə Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin etdiyini deyən Ə.Fərəcov bu gün Prezident İlham Əliyevin ölkəmizi daha da gücləndirdiyini vurğulayıb.
Daha sonra gənclərin çoxsaylı sualları cavablandırılıb.