Yaponiya hökuməti AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında nəzərdə tutulmuş cədvələ riayət edəcəkdir
Bakı, 16 may (AZƏRTAC). Mayın 16-da Yaponiya parlamentində qəzalı “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) vəziyyət müzakirəyə çıxarılmışdır. Yaponiyanın Baş naziri Naoto Kan parlamentin aşağı palatasının büdcə komissiyası təmsilçisinin sualına cavab olaraq bildirmişdir ki, hökumət stansiyanın birinci enerji blokunda yanacağın bütünlüklə əriməsinə baxmayaraq “Fukusima-1” AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə nəzərdə tutulmuş cədvələ tam riayət edəcəkdir.
Naoto Kan demişdir: “Qəzanın aradan qaldırılmasının yalnız üsulları dəyişə bilər. Lakin mənə elə gəlir ki, planın yerinə yetirilməsi müddətlərini dəyişmədən irəliləyə biləcəyik”. Qeyd edək ki, AES-in operatoru “Tokio elektrik pauer” şirkəti hələ aprel ayının ortalarında bildirmişdi ki, stansiyadan radiasiya sızmasının qarşısı üç ay müddətində alınacaq və 6-9 ay müddətində AES-ə tam nəzarət edəcəkdir.
Mayın 15-də keçirilmiş müşavirədə isə mütəxəssislər bildirmişlər ki, “Fukusima-1” AES-in birinci enerji blokunda nüvə yanacağı ərimişdir. Ekspertlərin sözlərinə görə, bu, dağıdıcı zəlzələdən və sunamidən 16 saat sonra - martın 12-də baş vermişdir. Ekspertlər istisna etmirlər ki, belə vəziyyət stansiyanın digər iki reaktorunda da yaranmışdır. Bu isə AES-də qəzanın nəticələrinin aradan qaldırılması müddətlərinin uzanmasına səbəb ola bilər. “Tokio elektrik pauer” şirkətinin təmsilçisi etiraf etmişdir ki, birinci reaktorda nüvə yanacağının əriməsi və suyun onun daxili hissəsindən sızması qurğunun “su sarkofaqı” üsulu ilə soyudulması əməliyyatını xeyli çətinləşdirir. Mütəxəssislər müəyyən etmişlər ki, əriyən nüvə yanacağı reaktorun aşağı hissəsində bir neçə kiçik dəlik açmışdır. Birinci enerji blokunun zirzəmisində 3 min tona yaxın suyun toplandığı müəyyənləşdirilmişdir. Ehtimal olunur ki, su zirzəmiyə reaktordan sızmışdır. Beləliklə, reaktorun xarici qişası ilə korpusu arasındakı boşluğa çoxlu miqdarda suyun vurulması radioaktiv maddələrlə çirklənməyə səbəb ola bilər.
Yaponiya Baş nazirinin müşaviri Hosi Xosono mayın 15-də ölkənin telekanallarından birinə müsahibəsində demişdir ki, “Tokio elektrik pauer” çox güman ki, “su sarkofaqı” yaradılmasından imtina etməli olacaqdır. Şirkətin təmsilçisi isə bildirmişdir ki, mütəxəssislər reaktorun zədələnməsi dərəcəsini ətraflı öyrənmək niyyətindədirlər. Bunun üçün reaktora vurulan suyun miqdarı saatda 8 tondan 10 tona çatdırılmışdır. AES əməkdaşları yaxın iki gün müddətində suyun səviyyəsinə və temperaturuna nəzarət edəcəklər və yalnız bundan sonra “su sarkofaqı” əməliyyatının keçirilməsinin mümkünlüyü barədə qərara gəlinəcəkdir.
Mayın 16-da Yaponiya Atom və Sənaye Təhlükəsizliyi Agentliyinin təmsilçisi ölkə parlamentində çıxışında bildirmişdir ki. AES-in birinci reaktorunda yanacağın əriməsi ciddi narahatlıq doğurmamalıdır. Çünki orada temperatur tədricən aşağı düşür və reaktorda vəziyyət nisbətən sabitdir.