DÜNYA
Yaponiya Şimali Koreyanın Qış Olimpiya Oyunlarında iştirakını alqışlayır
Tokio, 9 yanvar, AZƏRTAC
Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa ölkəsinin Şimali Koreyanın Pxençanda keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakını yüksək qiymətləndirdiyini bildirib.
AZƏRTAC-ın məlumatına görə, yanvarın 9-da keçirilən mətbuat konfransında bu barədə danışan Y.Suqa qeyd edib ki, Olimpiya və Paralimpiya Oyunları sülhə xidmət edir və Şimali Koreyanın mövqeyini dəyişməsi müsbət qiymətləndirilməlidir.
Bununla yanaşı, Y.Suqa vurğulayıb ki, Şimali Koreyanın nüvə-raket proqramları bütün regionda sülhə və təhlükəsizliyə qarşı təhdiddir. Buna görə də Yaponiya hökuməti ABŞ və Cənubi Koreya ilə əməkdaşlıq şəraitində Pxenyanın öz siyasətini dəyişməsi üçün müxtəlif vasitələrdən istifadə edərək ona qarşı təzyiqləri davam etdirəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio