Yaponiyada koronavirusa yoluxan 28 yaşlı sumo güləşçisi vəfat edib
Tokio, 13 may, AZƏRTAC
Yaponiyada koronavirusa yoluxan 28 yaşlı peşəkar sumo güləşçisi Şobuşi (əsil adı Kiyotaka Suetake) mayın 13-də səhər saatlarında vəfat edib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Şobuşi virus sətəlcəmindən ölən ilk sumo güləşçisidir. O, eyni zamanda, 20 yaşlarında virusdan ölən ilk yapon hesab olunur
Yamanaşi prefekturasının sakini olan Şobuşi aprelin 10-da keçirilən test zamanı virusa müsbət reaksiya verib. Yaponiya Sumo Assosiasiyasının məlumatına görə, onun vəziyyəti aprelin 19-da ağırlaşıb və onu Tokio xəstəxanasının intensiv terapiya şöbəsinə yerləşdiriblər. Şobuşinin 2007-ci ildə sumo güləşi üzrə peşəkar yarışlara qatıldığı qeyd edilir.
Bundan əlavə, daha iki sumo güləşçisinin - Takadaqava və Hakuyozanın da virusa müsbət reaksiya verdikləri, lakin onların sağalaraq xəstəxananı artıq tərk etdikləri bildirilir.
Xatırladaq ki, Yaponiyada mayın 24-dən iyunun 7-dək keçirilməsi planlaşdırılan Böyük Sumo turniri virusun yayılması təhlükəsi ilə əlaqədar təxirə salınıb.
Əlavə olaraq bildirək ki, son məlumatlara əsasən Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 16700 nəfəri ötüb. Koronavirusun əmələ gətirdiyi sətəlcəm nəticəsində 691 nəfərin öldüyü, 9500 nəfərin isə sağaldığı qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio