Yaponiyalı seysmoloqlar azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlıdırlar
Bakı, 27 avqust (AZƏRTAC). Ölkəmizdə səfərdə olan Yaponiyanın “OYO-SHİNYEİ” şirkətinin nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) çoxmərtəbəli binalarda zəlzələ təhlükəsinin öyrənilməsinə dair təqdimat keçirmişdir.
RSXM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təqdimat mərasimində “OYO-SHİNYEİ” şirkəti tərəfindən hazırlanmış cihazın iş prinsipinə və gözlənilən təhlükə ilə bağlı ölçmələrin aparılmasına dair məlumat verilmişdir. Bildirilmişdir ki, bu tipli cihazlardan Bakının seysmik mikrorayonlaşdırılması zamanı istifadə olunması mümkündür.
AMEA RSXM-nin baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli isə Yaponiyanın elm və texnologiyaların inkişafı və zəlzələlərin öyrənilməsi sahəsində böyük təcrübəsi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, yaponiyalı seysmoloqlarla əməkdaşlıq bundan sonra da davam etdiriləcək və birgə layihələr həyata keçiriləcəkdir.
“OYO-SHİNYEİ” şirkətinin prezidenti Toru Kajvara da Azərbaycan seysmoloqları ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirmişdir.
Tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə anlaşma protokolunun imzalanması nəzərdə tutulur.