DÜNYA
Yaponiyanın Baş naziri Avropa turnesi çərçivəsində Estoniyaya səfər edəcək
Tallinn, 10 yanvar, AZƏRTAC
Yaponiyanın Baş naziri Sindzo Abe Avropa turnesi çərçivəsində yanvarın 12-də Tallinə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, Yaponiya hökumətinin başçısı Estoniya Prezidenti Kersti Kalyulayd, ölkənin Baş naziri Yuri Ratas ilə görüşəcək. Baş nazir Yuri Ratas adından Sindze Abenin şərəfinə rəsmi şam yeməyi veriləcək.
Yaponiyanın Kyodo agentliyinin daha əvvəl yaydığı məlumata görə, S.Abe Avropaya səfəri çərçivəsində Estoniya, Latviya, Litva, Bolqarıstan, Rumıniya və Serbiyaya gedəcək. Onun Estoniyaya səfəri gedişində tərəflər kibertəhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzalayacaqlar.
Yaponiya ilə Avropa İttifaqı azad ticarət haqqında sazişə dair danışıqları dekabrın əvvəlində başa çatdırıblar. Saziş 2019-cu ilin əvvəlində qüvvəyə minməlidir. 2018-ci ilin əvvəlində Avropa İttifaqında sədrlik Bolqarıstana keçdiyi üçün S.Abe sazişin qüvvəyə minəcəyinə əmin olmaq istəyir.
S.Abenin Avropa turnesi çərçivəsində Estoniyaya səfəri Yaponiya hökuməti başçısının bu ölkəyə tarixdə ilk səfəri olacaq. Qeyd edək ki, Yaponiya İmperatoru Akixoto ilə imperatriçə Miçiko 2007-ci ilin mayında Estoniyada səfərdə olublar. Daha əvvəl Yaponiya nazirləri və onların müavinləri də bu ölkəyə səfər ediblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn